Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin “Zəfər həftəsi” layihəsi çərçivəsində tarixi Zəfərimizin altıncı ildönümü və 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar “Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” festivalı təşkil olunub.
Noyabrın 5-də reallaşan tədbirin əvvəlində qurum rəhbərləri ümummilli lider Heydər Əliyevin Sədərək rayonunda ucaldılmış büstünü ziyarət edərək, dahi şəxsiyyətə ehtiramlarını ifadə edilib.
Tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrini icra edən, nazir müavini Məcid Seyidov çıxış ediblər.
Çıxışlarda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin xalqımızın birliyi, milli iradəsi və qəhrəmanlığının təntənəsi olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın iqtisadi və hərbi qüdrəti, eləcə də əsgər və zabitlərimizin yüksək döyüş ruhu tarixi Qələbənin əldə olunmasında mühüm rol oynayıb. Azərbaycan Ordusunun gücü və peşəkarlığı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasının əsas amillərindən biri kimi diqqətə çatdırılıb. Zəfər Gününün gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində mühüm əhəmiyyəti qeyd olunub. Həmçinin gənclərin potensialının üzə çıxarılması, onların yaradıcılıq və təşəbbüskarlıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edilib.
Daha sonra fəal gənc Ruslan Cəlilsoylu çıxış edərək Zəfərin mənəvi dəyəri, qəhrəmanlıq ənənələrinin yaşadılması və gənclərin üzərinə düşən vəzifələr barədə fikirlərini bölüşüb.
Tədbir iştirakçıları hərbi silah və ləvazimat nümunələri, əl işləri, STEAM layihələri, tətbiqi sənət nümunələrinin əks olunduğu stendlərlə tanış olublar. İdmançıların nümunəvi çıxışları izlənilib. Qurum rəhbərləri müxtəlif idman növlərində uğur qazanmış idmançılarla görüşərək onlarların nailiyyətləri və gələcək yarışlara hazırlıq səviyyəsi ilə maraqlanıblar. Bədii proqram çərçivəsində musiqi və rəqs nömrələri nümayiş olunub. Festivalın təşkilində fəallıq göstərən iştirakçılara təşəkkürnamələr təqdim edilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, Mədəniyyət nazirliklərinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalın məqsədi gənclər arasında vətənpərvərlik hisslərini, milli birlik və dövlətçilik dəyərlərini gücləndirmək, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini təbliğ etmək, eləcə də onların yaradıcı potensialını və ictimai fəallığını artırmaqdır.